CƏMİYYƏT
Komitə sədri Ağcabədi və Bərdədə dini ibadətgahları ziyarət edib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağcabədi şəhərində “Cümə”, Ağcabədi rayonunun Salmanbəyli kəndində “Heydər” məscidlərini, Bərdə şəhərində “İmamzadə” ziyarətgahı və Bərdə türbəsini ziyarət edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, din xadimləri ilə görüşdə Ramin Məmmədov ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına həssas münasibət göstərildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin səmərəli nəticələrini vurğulayaraq, bu siyasətin müasir dövrün tələbləri və çağırışlarına uyğun olaraq, daha da inkişaf etdirildiyini vurğulayıb. Gənclərin milli ruhda tərbiyəsi, o cümlədən ölkəmizə qarşı yönələn ideoloji təxribatların qarşısının alınmasının vacibliyini diqqətə çatdıran Komitə sədri bu sahədə din xadimlərinin də üzərinə mühüm vəzifələrin düşdüyünü deyib.
Din xadimləri görüşlərdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın himayəsi ilə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təbliği sahəsində atılan addımlardan məmnunluqlarını dilə gətiriblər.
Daha sonra görüş iştirakçılarının rəy və təklifləri dinlənilib.