Komitə sədri: Din xadimlərinin potensialından maksimum istifadə olunmalıdır
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəranda yerləşən “Şeyx Zahid” ziyarətgahı və Böyük bazar “Cümə” məscidinin fəaliyyəti ilə tanış olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dini ibadətgahlarda fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı R.Məmmədov Azərbaycanda dini sahədə stabil mühitin mövcudluğundan, ölkəmizin konfessiyalara və məzhəblərə göstərdiyi nümunəvi münasibətdən bəhs edib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğıdan, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılmasından, milli-mənəvi dəyərlərimizə olan yüksək diqqətdən danışıb.
Komitə sədri qeyd edib ki, eyni zamanda, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində işlərin daha səmərəli qurulması üçün dini qurumlar ilə koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və məhz bu mənada - dini məzhəbçilik amilindən sui-istifadə edən bəzi qüvvələrə, cəmiyyətdə parçalanma yaratmağa çalışan belə ünsürlərə qarşı bölgələrdə din xadimlərinin potensialından maksimum istifadə olunmalı, onlar birliyin möhkəmləndirilməsində, dini-ideoloji maarifləndirmə tədbirlərində iştirakda daimi fəallıq göstərməlidirlər.
Rəylərini və təkliflərini səsləndirən din xadimləri Azərbaycanda ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.