Konfrans iştirakçısı: Hindistanda süni intellekt vasitəsilə müsəlmanlara qarşı qərəzli təsəvvürlər yayılır
Bakı, 26 may, AZƏRTAC
Süni intellekt, təbii ki, obyektiv və ədalətli olmalıdır. Ancaq təəssüf ki, reallıqda belə deyil. Bu sahədə qərəzli hallara rast gəlirik. Müsəlman sözü tez-tez “terror”, “şiddət” və digər neqativ anlayışlarla əlaqələndirilir. Alqoritmlərin qurulmasında istifadə olunan dini məlumatlar çox zaman islamofobik təsəvvürlərə əsaslanır. Bu da nəticədə, müsəlmanlara qarşı yanlış və zərərli fikirlərin yaranmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bunu Əl-Cəzirə Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Muxtar Əl-Xəlil “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiya media və rəqəmsal məkanlarda: süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzusunda panel iclasda deyib.
Onun sözlərinə görə, daha narahatedici məqam odur ki, bu cür qərəz yalnız müsəlmanlara qarşı müşahidə olunur. Digər dinlər və icmalarla bağlı bu dərəcədə sistemli ayrı-seçkilik görünmür. Bu isə süni intellektin məqsədli şəkildə istifadə olunduğuna işarədir. Xüsusilə Hindistan kimi bəzi ölkələrdə süni intellekt vasitəsilə müsəlmanlara qarşı qərəzli və təhlükəli təsəvvürlərin yayılması müşahidə olunur.
“Bu vəziyyətlə barışmaq mümkün deyil. Biz maarifləndirməni gücləndirməli, texnologiya sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Süni intellektlə bağlı ictimai məlumatlılıq səviyyəsi artırılmalıdır. Yalnız bu yolla biz alqoritmlərə təsir edə və müsəlmanlara qarşı stereotiplərin dəyişdirilməsinə nail ola bilərik”, - deyə Əl-Cəzirə Araşdırmalar Mərkəzinin direktoru əlavə edib.