KONFRANSDA MÜNAQİŞƏLƏRİN HƏLLİ VƏ SÜLH MƏDƏNİYYƏTİ MƏSƏLƏLƏRİNƏ DAİR PROQRAM MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublikanın müxtəlif ali məktəblərinin professor və müəllimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri təhsil naziri Misir Mərdanov açaraq, həyata keçirilən layihənin əhəmiyyətindən danışmışdır. Nazir demişdir ki, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu bir şəraitdə sülh məsələsinin gündəmə gətirilməsi çox vacibdir. Artıq proqram respublikanın seçimlə müəyyənləşdirilmiş 6 ali təhsil ocağında 450 tələbənin iştirakı ilə həyata keçirilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Natiq müzakirə olunan məsələlərin orta məktəb dərsliklərində də öz əksini tapmasının və tədris etməsinin vacibliyini vurğulamışdır.
UNİFEM layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayeva çıxışında bildirmişdir ki, 2001-ci ilin aprelindən Azərbaycanda fəaliyyət göstərən layihənin ötən müddətdə ali məktəblərin bakalavr pilləsinin humanitar fakültələri üçün nəzərdə tutulmuş “Münaqişə və sülh quruculuğu: problemə giriş” adlı 36 saatlıq kursunun proqramı və müntəxəbatı çap edilmiş, gənclər sülh quruculuğu və bu prosesdə qadınların rolu barədə biliklərini artırmış, tələbə şuraları yaradılmışdır.
Regionda proqramın spesifik xüsusiyyətlərindən danışan UNİFEM layihəsinin baş texniki məsləhətçisi xanım Patrisiya Makfillips qeyd etmişdir ki, Azərbaycan gəncləri regionda sülhün bərqərar olması işi ilə çox maraqlanır və proqramın həyata keçirilməsində fəal iştirak edirlər.
Respublika insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Qadın Problemləri üzrə Dövlət Komitəsini sədri Zəhra Quliyeva konfransda məruzə ilə çıxış etmişlər.