Konstantin Raykin Rus Dram Teatrının səhnəsində çıxış edib
Bakı, 22 dekabr, AZƏRTAC
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında ilk dəfə olaraq “Arkadi Raykin adına Satirikon” Rusiya Dövlət Teatrının qastrolları keçirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də bakılı tamaşaçılara “Konstantin Raykin. Öz səsimlə” poetik monotamaşa təqdim edilib. Tamaşada teatrın bədii rəhbəri, Rusiyanın Xalq Artisti Konstantin Raykin sevdiyi şairlərin - Aleksandr Puşkin, Osip Mandelştam, David Samoylov, Nikolay Zabolotski, Nikolay Rubtsov və Lope de Veqanın şeirlərini emosionalcasına və özünəməxsus tərzdə söyləyib.
Artistin çıxışı böyük maraqla qarşılanıb.
Dekabrın 23-də Konstantin Raykin şair David Samoylovun şeirlərini söyləyəcək. Tamaşaçılara, həmçinin Molyerin “Zorən təbib” komediyası təqdim olunacaq.
Qeyd edək ki, “Arkadi Raykin adına Satirikon” Rusiya Dövlət Teatrının yaradıcısı, SSRİ-nin Xalq Artisti Arkadi Raykinin və onun davamçısı - oğlu Konstantin Raykinin adı ilə bağlı böyük və çox maraqlı tarixə malikdir.
Teatrın tarixi 1939-cu ildən başlayır. O vaxtdan ötən böyük müddətdə iki müxtəlif kollektivin - Miniatür teatrı və onu əvəz edən “Satirikon” teatrının yaradıcılıq taleyi birləşib.
Arkadi Raykin teatrı kimi tanınan Leninqrad miniatür teatrı öz orijinal repertuarına, daimi aktyor tərkibinə və şəksiz liderinə malik idi. Arkadi Raykinin nadir şəxsiyyəti və Miniatür teatr truppasının parlaqlığı onların dünyanın teatr mədəniyyətində bənzəri olmayan yerlərini müəyyənləşdirib.
Kollektiv 1987-ci ildən “Satirikon” adlandırıldı. Buna Moskvanın “Sovremennik” teatrının tanınmış artisti Konstantin Raykinin atasının rəhbərlik etdiyi Miniatür teatrına keçməsi səbəb oldu. Tezliklə Miniatür teatrı Leninqraddan Moskvaya köçdü, onun truppasına böyük gənclər qrupu qoşuldu. Arkadi Raykinlə yanaşı, daha bir lider - Konstantin Raykin “yetişirdi”.
Teatr üçün Moskvada daimi məkan kimi kinoteatr binası ayrıldı. Binanın yenidən qurulması bir neçə il davam etdi. Nəhayət, 1987-ci ildə Moskvanın yeni teatr səhnəsində ilk “Satirikon” tamaşası oynanıldı. Çox keçmədən, həmin ilin dekabrında Arkadi Raykin vəfat etdi. Teatra bədii rəhbərliyi onun oğlu üzərinə götürdü. Konstantin Raykin öz “teatr varisliyi”ndən imtina etmədi. İmprovizə qabiliyyəti, teatr işinə tükənməz sevgi, teatr ustalığının daim təkmilləşdirilməsi - bunlar müasir “Satirikon”un simasının cizgiləridir.