Koreyalı alimin iştirakı ilə seminar keçirilmişdir
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş seminar bu elm müəssisəsinin Koreya Respublikasının müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, seminarda Koreya Respublikasının Hoseo Universitetinin professoru İn Con Li “CCTV” çoxistiqamətli, tam əhatəli müşahidə kameralarının öyrənilməsi və tətbiqi ilə bağlı təqdimatla çıxış etmişdir. Müasir dövrdə genişbucaqlı, tam əhatəli kameralara böyük ehtiyac olduğunu deyən qonaq, qabarıq güzgülərə malik kameraların üstünlüklərini izah etmişdir. Alim əsas məqsədin tanınma zonalarında təsvirlərin müqayisəsi və fərqlərin aşkarlanması, həmçinin avtomobillərin hərəkəti zamanı qəzaların qarşısının alınmasından ibarət olduğunu bildirmişdir. “Balıq gözü” linzaların vasitəsilə təsvirin alınması metodunu özündə əks etdirən film göstərilmişdir.
Koreyalı qonaq 4 ənənəvi kameranı əvəz edən “CCTV”-nin nəqliyyat axınına nəzarət, sürətlə bağlı informasiyanın toplanması və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. “CCTV”-nin digər kameralardan üstünlükləri haqqında məlumat verən professor İn Con Li onun özündə bir neçə informasiyanı əhatəli şəkildə cəmləşdirməsindən əlavə, təsvirin səmərəliliyi baxımından da fərqləndiyini söyləmişdir.
Təqdimat alim və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmış, suallar cavablandırılmış, müzakirələr aparılmış, rəy və təkliflər bildirilmişdir.