Koreyalı alimlər institutda azərbaycanlı həmkarları ilə birgə elmi araşdırmalar aparır
Bakı, 6 may (AZƏRTAC). Azərbaycanla Koreya Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən də elmi-texniki sahədə geniş əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına öz töhfələrini verən İTİ, müvafiq sahədə Koreya ilə birgə həyata keçirilən layihələrdə yaxından iştirak edir. İnformasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək inkişaf səviyyəsinə nail olmuş Koreya Respublikasının əldə etdiyi təcrübədən bəhrələnmək institutun prioritet istiqamətlərindəndir. Bununla bağlı institutda müxtəlif tədbirlər həyata keçirilmişdir.
Koreyanın Bilik İqtisadiyyatı Nazirliyi və İnformasiya Texnologiyalarına Dəstək Milli Agentliyinin nümayəndə heyəti ilə görüş, həmçinin Koreya İnformasiya Texnologiyaları Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə təşkil olunan seminarlar İKT sahəsində mükəmməl biliyə malik Koreya mütəxəssisləri ilə bilik və təcrübə mübadiləsi aparmaq baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı, Koreya Milli Araşdırmalar Fondu tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutuna ezam olunmuş alimlər, azərbaycanlı həmkarları ilə birgə elmi araşdırmalar aparırlar.