DÜNYA
Kral Stefanın min il əvvələ aid orijinal rəsmi Macarıstan reliktində
Budapeşt, 12 sentyabr, AZƏRTAC
Müqəddəs Stefan və ya İştvan (997-1038) Macarıstanın ilk xristian monarxı idi. Orta əsr Macarıstan dövlətinin qurucusu, güclü Bavariya ailəsinin qızı ilə evlənərək daxili rəqiblərini məğlub edən və strateji ittifaqa girən bu hökmdar öz hakimiyyətini möhkəmləndirib. Onun qayınatası və baldızı Müqəddəs Roma İmperiyasını iyirmi ildən çox idarə edərək, ona hakimiyyətini möhkəmləndirmək, dövləti və kilsəni təşkil etmək üçün lazım olan imkanı verib. Müqəddəs Stefanın orijinal rəsmini Macarıstan Milli Muzeyində görmək olar.
AZƏRTAC xəbər verir ki, orta əsrlərə aid macar sənət əsərlərinin əksəriyyəti XV-XVII əsrlərin müharibələri nəticəsində yoxa çıxıb. Bununla belə, tacqoyma mərasimi kimi bir neçə görkəmli istisnalar qorunub saxlanıb. Kral qvardiyasının sayəsində və İkinci Dünya müharibəsinin son aylarında Almaniyanın işğalına və Ferents Szalasinin başçılıq etdiyi macar nasistlərinin qəddar hakimiyyətinə baxmayaraq, reqaliya Amerika qoşunları tərəfindən xilas edilib və Fort Knoxda saxlanılıb. 1978-ci ildə, sabitlik dövründə ABŞ hökuməti bu artefaktları Macarıstana qaytarıb.
Macarıstanın müqəddəs tacı, tacqoyma zamanı kralın əsası və qılıncı hazırda Macarıstan parlamentində saxlanılır. Ziyarətçilər giriş bileti alaraq onları görə bilərlər. Tacqoyma mantiyası isə Macarıstan Milli Muzeyində saxlanılır. Müasir araşdırmalara görə, bu obyektlərin heç birinin yaşı min ildən çox deyil, bu isə o deməkdir ki, hətta əfsanəyə görə, Papa II Silvester tərəfindən bağışlanmış Macarıstanın Müqəddəs Tacı da daxil olmaqla, Müqəddəs Stefanın özü onlardan istifadə edə bilərdi.
Mantiyaya gəlincə, o, əvvəlcə keşiş paltarı kimi xidmət edirdi. Bu dəbdəbəli geyim Müqəddəs Stefan və onun bavariyalı arvadı Giselanın əmri ilə tikilib. İstehsalın dəqiq tarixi məlum deyil, lakin mantiyanın 1031-ci ilə aid olduğu ehtimal edilir, çünki kral cütlüyü həmin il onu Sekeşfehervardakı Müqəddəs Məryəm kilsəsinə bağışlamışdı.
Macarıstan Milli Muzeyinin izahına görə, əsas parça, demək olar ki, başdan-ayağa qızıl sapla tikilmiş qızılgül naxışlı Bizans ipəyidir. Mantiyanın arxa tərəfində “Y” şəkilli xaç var. Xaçın yuxarı elementlərində mələklərin yarısı silinmiş təsvirləri, şaquli tərəfdə isə Məsihin üst-üstə iki təsviri var. Məsihdən əlavə, mantiya Əhdi-Ətiq peyğəmbərlərinin və həvarilərinin təsvirləri ilə bəzədilib. Həmçinin onun üzərində Müqəddəs Stefanın çoxlu sayda qiymətli daşlarla bəzədilmiş tacqoyma məqamı təsvir edilib (lakin bu, Müqəddəs Tac deyil). O, sağ əlində kralın gücünü simvolizə edən nizə, sol əlində isə hakimiyyət rəmzi olan kürə tutur. Yaxınlıqda kraliça Gisela təsvir edilib və onların arasında 1031-ci ildə ov vaxtı faciəvi şəkildə ölən və Stefanı varissiz qoyan oğulları şahzadə Emerik dayanır.
Macar hökmdarı ailəsinin hər üç üzvünün mantiyadakı obrazlarını onları real həyatda görən şəxs yaradıb. Bunu nəzərə alaraq demək olar ki, tacqoyma mantiyasında Macarıstanın ilk xristian hökmdarının yeganə orijinal təsviri var.
Tacqoyma mantiyası bir müddət krallığın paytaxtı kimi xidmət edən Sekeşfehervarda yeni qurulan kilsəyə bağışlanıb. Belə ki, o, XI əsrdə Macarıstanın tacqoyma mərasiminin bir hissəsi deyildi, krallar bu geyimdən XII əsrdən etibarən istifadə etməyə başlayıblar. Bundan əlavə, hər bir kraliça ona bir neçə ilmə tikməli idi, sonuncu dəfə bu, IV Karlın (1916-1918) tacqoyma mərasimindən əvvəl baş verib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt