Kriterium üzrə Azərbaycan Kubokuna yekun vurulub
Lənkəran, 8 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokuna yekun vurulub. Gənclər və İdman Nazirliyi və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın Lənkəran şəhərində baş tutan II mərhələsinin sonuncu günündə 2009-cu (14 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (19 nəfər) mübarizə aparıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kriterium növünün qaydalarına əsasən, velosipedçilər dairəvi hərəkət ediblər. Onlar Şəhidlər xiyabanının qarşısından start götürərək, Hacı Zeynalabdin Tağıyev və Zərifə Əliyeva küçələrindən keçməklə 10 dairə vurublar. İdmançılar ümumilikdə, 30 kilometr məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, 2009-cu il təvəllüdlü oğlanlar arasında Nihad Xudoyev (ROEQİUGVM, 28 xal) birinci, Çingiz İsayev (ROEQİUGVM, 17 xal) ikinci, Asiman Qasımov (ROEQİUGVM, 13 xal) üçüncü yerdə qərarlaşıblar. 2006-2008-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Tural İsrafilov (ROEQİUGVM, 30 xal) birinci, Ravi Rzayev (ROEQİUGVM, 18 xal) ikinci, İsgəndər İsgəndərov (Təhsil RİM, 8 xal) üçüncü yerə layiq görülüblər.
Bu yarışdan sonra iki mərhələnin nəticələrinin cəminə görə Azərbaycan Kubokunun qalibləri də müəyyənləşib.
Belə ki, 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 23 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Ələsgər Bürcəlizadə (ROEQİUGVM, 16 xal) ikinci, Nizam Cavadlı (Təhsil RİM, 12 xal) üçüncü yerlə kifayətləniblər.
2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Nihad Xudoyev (ROEQİUGVM, 33 xal) qızıl, Çingiz İsayev (ROEQİUGVM, 31 xal) gümüş, Asiman Qasımov (ROEQİUGVM, 16 xal) bürünc medal qazanıblar. 2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM, 33 xal) hamıdan çox xal toplayaraq Azərbaycan Kubokunun qalibi olub. Artyom Proskuryakov (Təhsil RİM, 22 xal) ikinci, Ravi Rzayev (ROEQİUGVM, 18 xal) üçüncü yerə layiq görülüblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.