KÜR VƏ ARAZ ÇAYLARINDA NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLMİŞDİR
Bakı, 22 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 28 kubmetr/saniyə artaraq 113 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 3, fenollar 4 , Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 4,72 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenol və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar 3 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.