KÜRD SEPARATÇILARININ LİDERİ ÖCALAN ÖMRÜNÜN SONUNADƏK HƏBSXANADA QALACAQ
Türkiyədə qanundankənar elan olunan Kürd İşçi Partiyasının (PKK) başçısı yanvarın axırlarında Ankara Cinayət İşləri Məhkəməsinə ərizə göndərərək, onun barəsində yeni məhkəmə prosesi aparılmasının zəruriliyini bununla əsaslandırmışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi onun işinə yenidən baxılması haqqında qərar çıxarmışdır.
Ankara məhkəməsi Öcalanın ərizəsini rədd etdikdən sonra onun vəkilləri yuxarı instansiyaya apellyasiya göndərmişlər. Onun işinin öyrənilməsi İstanbul məhkəməsinə tapşırılmışdır. O da yeni məhkəmə keçirilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəlmişdir.
Xatırladaq ki, Öcalan 1999-cu ilin fevralında Keniyada yaxalanmışdır. O, PKK ilə 20 illik silahlı münaqişə nəticəsində 37 mindən çox insanın öldürülməsində təqsirləndirilir. Mərmərə dənizindəki İmralı adasında həmin ilin iyununda keçirilən məhkəmədə Öcalan separatçılıqda və dövlətə xəyanətdə ittihamı ilə ölüm cəzasına məhkum edilmişdir. Sonralar bu cəza amnistiya hüququ olmadan ömürlük həbs cəzası ilə əvəzlənmişdir.