Kürdəmirdə “Gənclər könüllülük hərəkatının aparıcı qüvvəsidir” mövzusunda videokonfrans keçirilib
Kürdəmir, 23 dekabr, AZƏRTAC
Kürdəmirdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Gənclər könüllülük hərəkatının aparıcı qüvvəsidir” mövzusunda videokonfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənc könüllülərin, fəalların qatıldığı tədbiri gənclər və idman idarəsinin rəisi Süleyman Əhmədov açaraq ölkə başçısının Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə torpaqlarımızın erməni işğalçılarından azad edildiyi, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı bir dövrə təsadüf edir: “Azərbaycan könüllüləri ölkə başçısının koronavirus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara daim adekvat cavab verərək, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Belə ki, könüllülər əhali arasında bu dəhşətli bəlaya qarşı maarifləndirmə işləri aparır, insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və qərarlarına sözsüz əməl etməyə səsləyir, vətəndaşlarımızın tibbi müayinədən keçirilməsi sahəsində səhiyyə işçilərinə yaxından köməklik göstərir, keçirilən aksiyalar çərçivəsində tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının ödənilməsinə yardımçı olur, həmçinin qanvermə aksiyalarında fəal iştirak edirlər”.
Videokonfransda çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, könüllülərlə iş üzrə koordinator Daşqın Rüstəmov bildirib ki, Azərbaycan gəncinin bu gün üzərinə düşən əsas vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır. Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu əvəzsizdir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridir.
Gənc könüllülər Seymur Məlikov, Rəşad Abuşov və başqaları bildiriblər ki, son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onların arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və sair məsələlərə yeni imkanlar yaradır. Qeyd olunub ki, Kürdəmirdə də könüllülər tərəfindən bir çox layihələr icra edilib. Könüllülər arasında idman yarışları, “Əsgərə məktub” layihəsi, ağacəkmə kampaniyası, aztəminatlı ailələrə kömək layihələrini göstərmək olar.
Tədbirin onlayn hissəsi başa çatdıqdan sonra rayonun bir qrup gənc könüllüsünə gənclər və idman idarəsinin fəxri fərmanları təqdim olunub.