Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 19 il ötür
Bakı, 18 may (AZƏRTAC). 19 il əvvəl, Azərbaycanın mədəniyyət və musiqi beşiyi Şuşanın süqutundan on gün sonra - 1992-ci il mayın 18-də dağlar qartalı Laçının da qanadı sındırıldı. Ermənistanın silahlı quldur dəstələri Dağlıq Qarabağın bu qapısını ələ keçirdilər.
Bu gün artıq 19 ildir ki, 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.
Zəngin iqtisadi potensiala malik Laçının müdafiəsi zamanı 267 laçınlı şəhid, yüzlərlə insan isə yaralanmış və əlil olmuş, 871 uşaq yetim qalmışdır. İşğaladək rayonun 1 şəhər, 1 qəsəbə və 125 kəndində 63 min nəfər əhali yaşayırdı. Laçın rayonundakı 13 min 745 fərdi ev, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar və 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılmışdır. Bundan əlavə, 20 müalicəvi su mənbəyi, mərmər, əhəng, bülöv daşı, qızıl, uran yataqları və s. faydalı qazıntılar ermənilər tərəfindən mənimsənilmişdir.
Laçın işğal olunmaya bilərdi. Aydın idi ki, Şuşadan sonra növbə Laçınındır. Ancaq bu məsələ ilə məşğul olmaq əvəzinə ölkədə hakimiyyət davası gedirdi. Cəbhə bölgəsində olan batalyonların çoxu paytaxta gətirilmişdi, Xalq Cəbhəsinin liderləri onları dövlət dəyişikliyi prosesinə cəlb etmişdilər. Ali Sovetin qarşısı, binanın içi hərbçilərlə dolu idi. Qurumun mayın 18-də keçirilən sessiyasında İsa Qəmbər bu orqana sədr seçildi, prezidentin səlahiyyətlərini icra edən şəxs oldu. Həmin gün də Laçın işğal edildi. Qısası, ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin sayəsində əsrlər boyu ermənilər üçün alınmaz qala olan Laçını itirdik. İşğalçı Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəsini təmin edə bildi.