İDMAN
Lamiyə Vəliyeva: Tokio Paralimpiadasındakı uğurlu çıxışımı “Paris-2024”də də davam etdirəcəyəm VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyimlə qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bunu Paralimpiya çempionu Lamiyə Vəliyeva sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.
Paralimpiya çempionu deyib: “Yarışa gedərkən özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam. Məni dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bu uğuru “Paris-2024”də də davam etdirəcəyəm”.
Xatırladaq ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb. Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamed Heydari qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.