Laşa Kuxalaşvili: “Müasir Gürcüstan və Azərbaycan incəsənətinin böyük perspektivləri var”
Bakı, 18 noyabr, Ayişə Axundova, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi, Gürcüstan Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş “Gürcüstandan məhəbbətlə” sərgisi açılıb.
Rəngkarlıq əsərləri ekspozisiyaya daxil edilmiş gənc gürcü rəssamı Laşa Kuxalaşvili AZƏRTAC-ın müxbirinə verdiyi eksklüziv müsahibədə deyib: “Sərgidə mənim rəsmlərimlə yanaşı atamın - Gürcüstanda tanınmış rəssam Cemal Kuxalaşvilinin və kiçik qardaşımın - istedadlı rəssam Georginin əsərləri nümayiş etdirilir. Ümumiyyətlə, ailəmiz yaradıcı ailədir, biz tez-tez birlikdə Rusiyada, Avropa ölkələrində, ABŞ-da keçirilən sərgilərdə iştirak edirik. Bakıya ilk dəfə gəlmişik. Bakı çox xoşuma gəlir, burada mən özümü evimizdəki kimi hiss edirəm. Müasir Gürcüstan və Azərbaycan incəsənətinin böyük perspektivləri var. Hər iki ölkənin rəssamları daim yeni forma və mövzu tapmaq üçün yaradıcılıq axtarışındadırlar, bir-birləri ilə əlaqə saxlayırlar. Ümidvaram ki, Bakıya yenə gələcəm və incəsənət sahəsində əməkdaşlığımız davam edəcəkdir”.