Lələtəpə fatehi: Məni şəhidlərimizlə eyni cərgəyə yerləşdirmişdilər
Bakı, 5 aprel, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadənin borc öhdəlikləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Tərtər rayonunda hər gün səhər yuxudan topun, tüfəngin səsi ilə oyandığını deyən Ruslan Abbaszadə uşaqlıqdan hərbçi olmağı arzuladığını bildirib. Öz arzusunun ardınca gedən Ruslan Aprel döyüşlərinin qəhrəmanlarından birinə çevrilir.
“Bir il hərbi xidmətdə olduqdan sonra gizir hazırlığı kursuna yazıldım. Kursu bitirdikdən sonra Füzuli rayonunun “N” saylı hərbi hissəsinə təyinat aldım. Beş il orada xidmət etdim. 2016-cı il aprelin 1-də düşmən iriçaplı pulemyotlardan, artilleriya qüvvələrindən istifadə edərək növbəti təxribata əl atdı. Təxribatın qarşısını almaq və hücuma keçmək barədə tapşırıq gəldi. Bütün kəşfiyyat bölmələri yığılaraq, kiçik qruplara bölündük. Qızğın döyüşlər nəticəsində Lələtəpə yüksəkliyini ələ keçirdik. Ermənilər yüksək strateji əhəmiyyətə malik olan Lələtəpədən zaman-zaman dinc əhalini hərbçilərimizi, döyüş mövqelərimizi atəşə tuturdular. O dövrdə Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidov hərbi hissə komandirimiz idi. Düşmənin sol tərəf aşağısında iki postu var idi. Şükür Həmidov rəhbərlik etdiyim qrupa həmin postların düşməndən təmizlənməsi tapşırığını vermişdi. Qrupumla aşağı düşəndə iki saat mühasirədə qaldıq. Artilleriya qüvvələrimiz bizi mühasirədən çıxardılar. Həmin vaxt başımdan güllə yarası aldım, döyüş yoldaşlarımdan birini vurdular, o, dörd güllə yarası aldı. Komandirə yaralılar barədə məlumat verdilər. Qolumda ağ parça var idi, onunla başımı sarıdım və post götürülənə qədər döyüşdən ayrılmayacağımı dedim. Komandir bizimlə əlaqə saxlayıb yaralıların döyüş mövqeyindən geriyə gəlməsi tapşırığını verdi. Bölmələrimiz olan tərəfə gələndə taqətimin olmadığını gördüm. Birdən sanki məni olduğum yerdən 10 metr irəli atdılar. Kürəyi üstə yerə uzandım. Sən demə düşmən snayperlə döş qəfəsimdən vurubmuş. Ondan sonra olanları xatırlamıram. Döyüş yoldaşlarım məni Füzulidəki hospitala çatdırıblarmış. Hər kəs mənim şəhid olduğumu düşündüyündən şəhidlərimizlə eyni cərgəyə yerləşdiriblərmiş. Təəssüflər olsun ki, şəhidlik qismət olmadı. Həkimlər şəhidlərimiz olan tərəfdən keçəndə tərpəndiyimi, xırıldadığımı görüblər. Yoxlanışdan sonra nəbzimin zəif də olsa vurduğu aşkarlanıb. Məni əməliyyata götürüblər. Əməliyyat uğurla yekunlaşdı və həyatda qaldım”, - deyə Aprel döyüşləri qazisi qeyd edib.
44 günlük Vətən müharibəsinin təməlini Aprel döyüşlərinin qoyduğunu vurğulayan qazi dörd gün ərzində Azərbaycan Ordusunun zəif olmadığını sübut etdiyini diqqətə çatdırıb.
O, döyüşlərdən sonra göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirərək “YAŞAT” Fonduna minnətdarlığını ifadə edib: “Döş qəfəsimdən dəyən güllə onurğamda fəsadlar törətmişdi. “YAŞAT” Fondunun dəstəyi ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olundum. Bundan sonra “YAŞAT” Fonduna kredit borclarımın ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etdim. “YAŞAT” Fondu bütün xərcləri qarşıladı”.
Qeyd edək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar bölməsindən əldə edə bilərsiniz.