LƏNKƏRAN İCTİMAİYYƏTİ PREZİDENT İLHAM ƏLİYEVİNSİYASƏTİNİ DƏSTƏKLƏYİR
Toplantıda şəhər icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyev çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin dövlət idarəetmə məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyi, ölkəmizin iqtisadi qüdrətinin inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirlərdən danışmış, demokratiya pərdəsi altında respublikamızda ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyən cinayətkar ünsürlərin, o cümlədən dövlət məmurları Fərhad Əliyev, Əli İnsanov və onların əlaltılarının, radikal müxalifət rəhbərlərinin xəyanətkar əməllərinin qarşısının alınmasında ölkəmizin başçısının göstərdiyi qətiyyətin və əzmkarlığın, bu məqsədlə imzaladığı Sərəncamların Lənkəran ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını bildirmişdir.
Tədbirdə çıxış edənlər Lənkəran ictimaiyyətinin Azərbaycan Prezidentinə həmişə dəstək olacaqlarını bildirmiş, ölkəmizin hüquq mühafizə orqanlarından respublikamızda qarşıdurma yaratmaq istəyən radikal müxalifətin rəhbərləri və onlarla həmrəy olan vəzifəli məmurlar haqqında təsirli tədbirlər görülməsini tələb etmişlər.
Yığıncaqda rayon ictimaiyyəti nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir:
“Çox hörmətli cənab Prezident!
Biz - Lənkəran ictimaiyyətinin nümayəndələri, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Sizin bütün fəaliyyətinizi ürəkdən dəstəkləyir, Azərbaycanda əsil vətəndaş cəmiyyəti quruculuğu yolunda göstərdiyiniz səyləri qətiyyətlə müdafiə edirik. Bütün Azərbaycan xalqı ilə birlikdə biz də Vətənimizin tərəqqisi, xalqımızın rifahı, hər birimizin xoşbəxt həyatı naminə yorulmadan həyata keçirdiyiniz möhtəşəm işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizin Prezidentlik fəaliyyətinizin cəmi iki ili ərzində hərtərəfli və dinamik inkişaf nəticəsində ölkəmiz tanınmaz dərəcədə inkişaf etmiş, dünyada öz sözü, öz mövqeyi ilə çıxış edən nüfuzlu bir dövlətə çevrilmişdir.
Yeni açılan iş yerləri, əhalinin rifah halının yüksəlməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması, insanların hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması Sizin xalqımızın sevimli Prezidenti kimi Vətənə xidmətinizin parlaq nümayişidir.
Sizin ardıcıl diqqət və qayğınızla doğma şəhərimiz Lənkəran da son iki il ərzində inkişaf edib daha da gözəlləşmişdi.
Həyatımıza xoş ab-hava gətirən bu yeniliklər insanlarımıza böyük sevinc və fərəh bəxş edir.
Zati-aliləri!
Təəssüflər olsun ki, bu uğurları görmək istəməyən, özlərinin məkrli niyyətləri ilə bu inkişafımızı dayandırmağa, ona mane olmağa çalışan qüvvələr xarici havadarları ilə birləşərək yenidən dövlət çevrilişinə cəhd edir, hakimiyyəti zorla ələ keçirməyə çalışırlar. Bu qüvvələrin hərəkətlərinə qarşı Sizin kəskin və prinsipial mövqeyiniz hamımızın ürəyincədir. Parlament seçkiləri ərəfəsində bir çox yüksək dövlət məmurunun xalqımıza və ülu öndərimiz Heydər Əliyevin siyasi xəttinə dönük çıxmaları, xəyanət etmələri bizi hədsiz dərəcədə hiddətləndirmişdir. Həm keçmiş səhiyyə naziri Əli İnsanov, həm də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digərləri barədə Sərəncamlarınızı bütün lənkəranlılar müdafiə edirlər.
Korrupsiyaya qurşanmış, rüşvətxor məmurların layiqli cəzalarını almaları ölkəmizdə sosial ədalət prinsiplərinin təntənəsidir və Heydər Əliyev dövlətçilik siyasətinin möhkəm və dönməz olduğuna xalqımızda tam əminlik yaradır.
Xalqın malını talayanlara dövlətçiliyimizə qənim kəsilənlərə aramızda yer olmamalıdır. İnanırıq ki, belələrinə qarşı qəti mübarizə bundan sonra da davam edəcəkdir.
Cənab Prezident!
Lənkəran ictimaiyyəti tam əmindir ki, Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətinizlə doğma Azərbaycanımız daha da inkişaf edəcək, hər bir vətəndaşın xoşbəxt və firavan yaşadığı zəngin və qüdrətli bir dövlətə çevriləcəkdir. Bu şərəfli yolda həyata keçirəcəyiniz möhtəşəm işlərinizdə biz lənkəranlılar da daim Sizinlə olacağıq.
Toplantı iştirakçıları adından:
Kamal Kələntərli, Musarza Əzimov,
Xeyrulla Həsənov, Əli Bağırov,
Lalə Əliyeva və başqaları.
Cəmi 150 imza”.