“Lənkəran Yol Tikinti” ASC tərəfindən 1000 ailəyə ərzaq yardımı paylanılıb
Lənkəran, 11 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qəraralara uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində zəruri işlər ardıcıl olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunda dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri də aparılır. Vətəndaşlara karantin qaydalarına ciddi riayət edilməsinin vacibliyi izah olunur, ehtiyacı olan insanlara humanitar yardımlar edilir.
Koronavirusla mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz ailələrə, imtiyazlı ailələrə diqqət artırılır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi rayonunun idarə, müəssisə, təşkilat və iş adamları tərəfindən də dəstəklənir.
Rayonda fəaliyyət göstərən “Lənkəran Yol Tikinti” ASC xeyriyyə təşəbbüsünə qoşularaq xüsusi karantin rejimi qaydalarına riayət edib evdə qalan, maddi-məişət şəraitinin yaxşılaşmasına zəruri ehtiyacı olan 1000 ailəyə ərzaq yardımı göstərib.
Ərzaq yardımlarının paylanmasında könüllülər yaxından iştirak ediblər.