Lənkəranda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qanla boğulmuş tarix” mövzusunda tədbir keçirilib
Lənkəran, 31 mart, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qanla boğulmuş tarix” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan tarixindən bəhs edən sənədli filmlərdən fraqmentlər nümayiş olunub.
Çıxışlarda qeyd edilib ki, baş vermiş qanlı hadisələr XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə və soyqırımı nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. XIX-XX əsrlərdə xalqımızın başına gətirilən faciələr torpaqlarımızın zəbt olunması ilə nəticələnib və ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Uzun illər gizli saxlanılan və təhrif olunan tarixi hadisələr yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra öz həqiqi qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə 1998-ci il martın 26-da imzalanmış Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Dövlətimizin başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.