Lənkəranda cənub bölgəsinin müəllimləri üçün ingilis dili təlimləri keçirilib
Lənkəran, 28 fevral, Bağır Əliyev, AZƏRTAC
Britaniya Şurası 25 ildən artıqdır ki, Azərbaycanda Təhsil Nazirliyi və Britaniya hökumətinin Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirdiyi layihələrlə təhsilin inkişafına dəstək verir. Bu layihələrdən biri də Azərbaycanda ingilis dili mərkəzlərinin yaradılmasıdır.
Ötən ilin yanvar ayında Lənkəran şəhər 6 nömrəli məktəbdə İngilis Dili Mərkəzinin açılışı olub. Layihənin davamı olaraq, bu ildən Bakı, Gəncə və Lənkəranda Azərbaycanda ilk dəfə olaraq ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləmək üçün müəllimlərin fəaliyyət qrupları yaradılır. Bu məqsədlə cənub bölgəsində ingilis dilini tədris edən müəllimlər üçün təlimlər keçirilir.
Lənkəran Şəhər Təhsil Şöbəsinin xarici dillər üzrə metodisti Nurəddin Zülfiqarlı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təlimlərin keçirilməsində məqsəd ölkəmizin cənub bölgəsinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin şifahi nitqini inkişaf etdirməkdir.
Lənkəran şəhərində keçirilən və iki gün davam edən təlimlərdə Astara, Lənkəran Masallı rayonlarının ümumtəhsil məktəblərində ingilis dilini tədris edən 17 müəllim iştirak edib. Təlimləri Azərbaycan Xarici Dillər Universitetinin müəllimi Könül Hacıyeva aparıb.