Lənkəranda karantin qaydalarını pozan 5 obyekt aşkarlanıb
Lənkəran, 26 mart, Bağır Əliyev, AZƏRTAC
COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, 4 “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.
Xüsusi karantin rejiminin qaydalarını pozan obyektlərdə 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.