Lerikdə şəhidlərin məzarı ziyarət olunub
Lerik, 24 mart, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Novruz bayramı ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməklə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik şəhərində yaşayan şəhid ailələrinin problemləri ilə maraqlanan aksiya iştirakçıları, şəhid ailələri ilə birgə Lerik şəhər qəbiristanlığında dəfn olunmuş şəhidlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun və Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun məzarlarını ziyarət ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində həmişə dövlətimizə sədaqəti ilə seçilən leriklilərin Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək Qələbənin əldə olunmasına öz layiqli töhfələrini verdikləri və onlardan bir çoxunun hərbi əməliyyatlar zamanı şəhid və qazi olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Qələbənin qazanıldığı, işğal altında olan torpaqlarımızın azad olunaraq ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi və bu möhtəşəm Qələbənin Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğuru olduğu diqqətə çatdırılıb.
Şəhid ailələri Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Şuşada, Cıdır düzündə bayram tonqalı qalamasından hədsiz sevinc hissi keçirdiklərini, şəhidlərin qanının yerdə qalmadığını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.