Lerikdə ulu öndərin anadan olmasının 88 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir
Lerik, 7 may (AZƏRTAC). Lerikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə əklil və çiçək dəstələri qoymuşlar. Sonra Heydər Əliyev mərkəzində müdrik siyasətçinin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə etmişdir. Demişdir ki, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutmuş elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tarixçilərin, filosofların, politoloqların və tədqiqatçıların diqqət mərkəzinə olacaqdır. O, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir.
Natiq dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin ilk dövründə ucqar dağ rayonlarının inkişafına göstərdiyi diqqət və qayğı sayəsində əhalinin həyat səviyyəsinin yüksəldiyini, yeni istehsal sahələrinin yaradıldığını xatırlatmış, o zamanlar rayon üzümçülərinin qazandığı uğurlardan söz açmışdır. Qeyd etmişdir ki, qədirbilən leriklilər tikilmiş obyektlərdən, məktəb və uşaq bağçalarından, çəkilən yollardan indi də minnətdarlıqla istifadə edirlər.
R.Bağırov Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində Azərbaycanda sağlam və sabit ictimai-siyasi mühitin formalaşdığını, vətəndaşların hüquq və azadlıqlarının dolğun təmin edildiyini, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulamış və bugünkü uğurlarımızın bu bazis əsasında qazanıldığını bildirmişdir.
Konfransda rayon prokuroru Salman Səmədovun “ Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu” , rayon mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayevin “ Heydər Əliyev: Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin hamisi”, və müəllim Hüseynbala Əliyevin “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında məruzələri dinlənilmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəlimməmmədov ulu öndərlə bağlı xatirələrini danışmışdır.