Lerikdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilib
Lerik, 2 aprel, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunda koronavirus pandemiyasına mübarizəni gücləndirmək məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar, rayon icra hakimiyyətinin əməkdaşları şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Şəhər sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, parkların girişləri lentlər vasitəsilə bağlanıb, ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxışlarında postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.