Livanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan bağın açılışı olub
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də “Heydər Əliyev İli” və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyi tərəfindən Livanın cənubundakı Nabatiyyə vilayətinin Abba qəsəbəsində ağacəkmə kampaniyası çərçivəsində simvolik olaraq 100 ədəd ağac əkilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, həmçinin həmin ərazidə Ulu Öndərin adını daşıyan bağın açılışı olub.
Tədbirdə səfirliyin heyəti, Abba bələdiyyəsinin rəhbərliyi, vaxtilə Azərbaycanda təhsil almış livanlı tələbələr, din xadimi, müxtəlif siyasi partiyaların yerli orqanlarının rəhbərləri və yerli sakinlər iştirak etmişlər.
Rəmzi olaraq Heydər Əliyev bağının və üzərində ərəb və ingilis dillərində “Heydər Əliyev parkı” yazılmış lövhənin açılış lenti kəsilib, bağda səfirlik əməkdaşları tərəfindən ağaclar əkilib.
Tədbirdə çıxış edərkən müvəqqəti işlər vəkili Fərhad Quluzadə Ulu Öndərin Azərbaycan tarixindəki rolu, ölkəmiz ikinci dəfə istiqlaliyyətini əldə etdikdən sonra qoyduğu strateji xətt və onun nəticəsində son illərdə Azərbaycanın bütün sahələrdə, xüsusilə iqtisadiyyat və hərbi sahələrdə əldə etdiyi inkişafı vurğulanıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasəti və Azərbaycan-Livan əlaqələrinin qurulmasındakı əvəzsiz fəaliyyəti barədə məlumat verilib. Livan torpağında Heydər Əliyevin adını daşıyan bağın təməlinin qoyulması Livan dövləti və xalqının Ümummilli Liderin şəxsiyyətinə, böyük siyasi xadim kimi fəaliyyətinə verilən dərin dəyər və hörmətin əlaməti kimi qiymətləndirilib və bu işə köməklik göstərmiş aidiyyəti orqanlara təşəkkür edilib.