LİVANDA VƏZİYYƏTƏ DAİR BEYNƏXALQ KONFRANS UĞURSUZLUQLA QURTARDI
Danışıqlarda iştirak edən ölkələrin nümayəndələri dərhal və qeyd-şərtsiz sülh müqaviləsi bağlanmasının və münaqişə zonasına beynəlxalq qüvvələr gətirilməsinin zəruriliyi barədə ümumi rəyə gələ bilməmiş, lakin razılaşmışlar ki, bunları mümkün qədər tez etmək lazımdır.
Konfransın amerikalı iştirakçılarından biri demişdir ki, danışıqlarda ABŞ dövlət katibi Kondoliza Rays qalan iştirakçılara qarşı “müdafiədə mətanətlə dayanmış” və möhkəm sülh müqaviləsi bağlamaq üçün ilkin şərtlərin yerinə yetirilməsinin, yəni “Hizbullah” hərəkatının qabaqcadan silahsızlaşdırılmasının vacibliyini sübuta yetirməyə çalışmışdır.
Danışıq iştirakçılarının razılığa gələ bildiklərii yeganə bir məsələ varsa, o da bundan ibarətdir ki, Livana humanitar yardım göstərilməli və gələcəkdə ölkənin bərpasına kömək edilməlidir. Lakin regionda atəş kəsilməyincə bu razılaşmaları da həyata keçirmək mümkün olmayacaqdır.
Danışıqlarda ABŞ, Böyük Britaniya, Türkiyə, Kanada, Rusiya, Fransa, İspaniya, Almaniya, Livan, Səudiyyə Ərəbistanı, Misir və İordaniya nümayəndələri, habelə BMT və Dünya Bankından müvəkkil olunmuş şəxslər iştirak etmişlər.
Münaqişənin gedişinə təsir göstərməyə qadir olan əsas ölkələr – İran, Suriya və İsrail konfransa buraxılmamışlar.