Londonda marafon coşqusu - Paytaxt küçələrindən görüntülər
London, 26 aprel, AZƏRTAC
Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərində marafon keçirilir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayan marafon Londonun mərkəzi küçələrini əhatə edir.
Yarışın müxtəlif mərhələlərinə həm peşəkar, həm də minlərlə həvəskar qatılıb.
Təşkilatçıların məlumatına görə, bu il marafonda 50 mindən çox iştirakçının 26,2 millik (təxminən 42 kilometr) məsafəni qət edəcəyi gözlənilir.
Marafon təkcə idman yarışı deyil, həm də xeyriyyə məqsədlərinə xidmət edir. Hər il iştirakçılar müxtəlif fondlar üçün vəsait toplayırlar. Ötən il bu məbləğ rekord səviyyədə - 87 milyon funt sterlinqdən çox olub.
Yarış boyunca London küçələri musiqi, alqış səsləri və müxtəlif kostyumlarda qaçan iştirakçılarla daha da rəngarəng görüntü alıb. Paytaxt sakinləri və turistlər marafonu canlı izləyərək iştirakçılara dəstək verirlər.