Lyublin Müasir Rəqs Teatrı nümayəndələrinin iştirakı ilə mətbuat konfransı olmuşdur
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Lyublin Müasir Rəqs Teatrının “Nano” tamaşasının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Teatrın direktor müavini Azər Mirzəyev Azərbaycan-Polşa mədəni əlaqələri barədə qısa məlumat verərək bildirmişdir ki, teatrın direktoru İsrafil İsrafilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və bir qrup aktyordan ibarət Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Lyublində olmuşdur.
Lyublin Müasir Rəqs Teatrının truppası hazırda Bakıda cavab səfərindədir.
Polşanın Bakıdakı səfirliyinin əməkdaşı Daniel Sekeviç səfirlik, Adam Mitskeviç İnstitutu və Lyublin İcra Hakimiyyəti ilə birlikdə Lyublin teatrının qastrollarını təşkil etdikləri üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və Dövlət Akademik Milli Dram Teatrına minnətdarlığını bildirmişdir. Səfirliyin əməkdaşı qeyd etmişdir ki, Azərbaycanda Polşa mədəniyyətini tanıyır və sevirlər. Ötən il bütün dünyada olduğu kimi Azərbaycanda da Şopen ili elan edilmiş, silsilə tədbirlər keçirilmişdir.
Lyublin Müasir Rəqs Teatrının bədii rəhbəri Rişard Kalinovski 2001-ci ildə yaradılmış teatrın tarixi, onun zəngin repertuarı, xarici qastrol səfərləri barədə məlumat verərək bildirmişdir ki, son illər Polşada yeni ifadə formaları axtaran çoxlu teatr yaranmışdır. O demişdir: “Teatrımız Polşa üçün yenilikdir. Truppamız beş nəfərdən ibarətdir. Biz kişi və qadınları narahat edən şübhələr, onların problemləri, fərqləri və ümumi cəhətləri haqqında rəqsin dili ilə danışırıq. Tamaşa “Nano” adlanır. Allah insanı kişi və qadına ayırmışdır. Bu, yəqin, Yaradanın böyük bir sirridir. Bəs onun əsrarəngizliyi nədədir?”
Tamaşa, demək olar, sözsüzdür. Aktyorlar qəhrəmanların qəlbinə hakim kəsilən şübhələrdən, onları narahat edən problemlərdən rəqsin, jestlərin dili və işığın rəqsi ilə söz açırlar.
Mayın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunacaq tamaşaya giriş pulsuzdur.