MACAR QROSSMEYSTERİ DAĞLIQ QARABAĞDA ŞAHMAT TURNİRİNDƏ İŞTİRAK ETMƏYİNƏ PEŞMANDIR
L.Portişin işğal altındakı ərazilərə Azərbaycanın rəsmi hakimiyyət orqanlarının icazəsi olmadan getdiyinə görə, o, ölkəmizin səfiri Həsən Həsənov ilə söhbətə dəvət edilmişdir. Səfir ona xatırlatmışdır ki, erməni təcavüzkarların işğal etdiyi və hər qarışına günahsız Azərbaycan uşaqlarının, qadın və qocalarının qanı tökülmüş Dağlıq Qarabağ ölkəmizin ayrılmaz tərkib hissəsidir və Azərbaycanın icazəsi olmadan rəsmi xarici nümayəndə heyətlərinin və ya fərdi şəxslərin bu bölgəyə getməsi beynəlxalq normalara əsasən respublikamızın suveren hüquqlarının pozulması və qeyri-dostluq addımı kimi qiymətləndirilir.
L.Portişin diqqətinə çatdırılmışdır ki, erməni mətbuatının yaydığı xəbərlərə görə, o, Dağlıq Qarabağda olarkən guya deyib ki, Qarabağ Ermənistanın bir hissəsidir. Şahmatçı demişdir: “Mən belə deməmişəm və deyə də bilməzdim. Mənim bu bəyanatımı təkzib kimi qəbul edə bilərsiniz”. O, Dağlıq Qarabağda olmasından bəzi dairələrin siyasi fırıldaqlar üçün istifadə etməsindən təəssüfləndiyini söyləmişdir. Portiş demişdir: “Əlbəttə, mən Qarabağda olarkən jurnalistlərin suallarına cavab verərkən bir neçə dəfə öz fikrimi söyləmişdim, rus dilini dərindən bilməsəm də, dəqiq yadımdadır ki, görkəmli şahmatçılar yetişdirən ölkəniz barədə, xalqınız barədə dilimdən təhqiramiz sözlər çıxmadı. Mən siyasətlə bağlı suallara cavab verməkdən qəti şəkildə boyun qaçırırdım”.
XX əsrin tanınmış şahmatçılarından biri Layoş Portiş söhbətin məğzini başa düşdüyünü bildirərək demişdir: “Bəzi siyasi qüvvələrin şahmat baxımından mühüm rol oynayan beynəlxalq turnirdən və mənim orada olmağımdan siyasi məqsədlər üçün istifadə etməsindən hiddətlənmişəm. Əgər bu söylədiklərimdən sonra düşünsəniz ki, ölkənizi və ya xalqınızı təhqir etmişəm, onda sizdən üzr istəyirəm”.