MACARISTAN GÖMRÜK XİDMƏTİ İLƏ QARŞILIQLIƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kəmaləddin Heydərov Macarıstan və Azərbaycan gömrük xidmətləri arasında yaranan əlaqələrdən, bu münasibətlərin daha da inkişafı naminə atılacaq addımlardan danışmışdır. Azərbaycan Gömrük Komitəsinin Avropa gömrük ailəsinə uğurla inteqrasiya etdiyini diqqətə çatdıran komitə sədri, ölkəmizin gömrük xidmətinin keçdiyi yol barəsində ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində beynəlxalq standartlara uyğun sistemin yaradıldığını bildirmişdir. Komitə sədri demişdir ki, müstəqil Azərbaycan gömrük xidmətinin son illərdə qazandığı nailiyyətlər belə deməyə əsas verir ki, Ümumdünya Gömrük Təşkilatı, dünyanın əksər ölkələri, o cümlədən Macarıstan Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığımız inkişaf edir.
Qabor Hoka bildirmişdir ki, bu səfərin məqsədi 2006-cı ilin fevralın 2-3-də ÜGT-nin Avropa regionu üzrə Bakıda gerçəkləşəcək konfransına hazırlıq işləri ilə tanışlıqla bağlıdır. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Əminəm ki, bu konfrans da yüksək səviyyədə keçəcəkdir.
Macarıstan ilə Azərbaycan arasında gömrük işi sahəsində imzalanacaq sazişin mahiyyətinə toxunan qonaq, bu sənədin ölkələrimizin gömrük xidmətlərinin gələcək əməkdaşlığına daha böyük töhfə verəcəyini bildirmişdir.
Macarıstan və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə, həmçinin ÜGT-nin konfransının Bakı şəhərində təşkili ilə əlaqədar fəaliyyətinə görə Kəmaləddin Heydərova Macarıstan Gömrük və Maliyyə Mühafizəsi Xidmətinin yaradılmasının 135 illiyi münasibətilə təsis olunmuş “Lonyay Menyhert” fəxri medalı təqdim edilmişdir.