MACARISTAN PREZİDENTİ LASLO ŞOYOMUN BƏYANATI
-Xanımlar və cənablar,
Biz sizi mətbuat konfransında salamlayırıq. Mən bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Xoş gəlmisiniz!” deyirəm.
Cənab Prezidentin ölkəmizə dövlət səfəri başlayıbdır. Bu gün bizim danışıqlarımız oldu. Sabah da danışıqlarımızı davam etdirəcəyik. Biz hesab edirik ki, iki ölkə arasında olan münasibətlər çox yüksək səviyyədədir və bugünkü münasibətlərin gələcək inkişafının çox yaxşı perspektivləri var. Xüsusən də, sənədlərin imzalanması ilə bu perspektivlər üçün möhkəm hüquqi əsaslar yaradılmışdır.
Azərbaycan Cənubi Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz Azərbaycanı belə qəbul etmişik. Münasibətlərimizdə heç bir siyasi problemin olmamasından son dərəcə məmnunuq. İkinci Dünya müharibəsi zamanı Azərbaycanda həlak olmuş macar əsgərlərinin xatirəsini yad etmək məqsədi ilə Azərbaycanda xatirə lövhəsinin qoyulmasına görə mən cənab Prezidentə öz minnətdarlığımı bildirdim.
Biz cənab Prezidentlə yekdil bir fikrə gəldik ki, iki ölkə arasında olan iqtisadi münasibətlərin çox yaxşı perspektivləri var. Xüsusən də, macar şirkətləri gələcəkdə Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaqda maraqlıdır. Biz bunu da etiraf edirik ki, hər iki ölkə neft və qaz təchizatı sahəsində daşınma yollarının müxtəlifləşdirilməsinə böyük maraq göstərir. Bunu Avropaya, xüsusən də Macarıstan ərazisindən keçməklə çatdırılmasında maraqlıdırlar. Bu baxımdan Macarıstan Nabukko layihəsinin həyata keçirilməsini dəstəkləyir.
Macarıstan Avropa Birliyinini Yeni qonşuluq siyasəti çərçivəsində inteqrasiya sahəsində Azərbaycanla öz təcrübəsini bölüşmək istəyir. Biz Azərbaycanda qanunun aliliyini və demokratiyanın tam bərqərar olunması sahəsində aparılan islahatları dəstəkləyirik. Eyni zamanda, Avropa Birliyinin standartlarının, xüsusən də, insan hüquqları və mətbuat azadlığı sahəsində standartların Azərbaycanda tam bərqərar olunmasını dəstəkləyəcəyik. Sağ olun.