MACARISTAN PREZİDENTİ LASLO ŞOYOMUN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Mən böyük şərəf hissi ilə sizin hamınızı Azərbaycan-Macarıstan biznes forumunda salamlamaq istəyirəm. Bu biznes forumu cənab Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində təşkil olunmuşdur. Azərbaycan İpək yolunun əsas bir hissəsində yerləşir və vaxtilə Asiyanı, Çini Avropa ilə birləşdirirdi. Hazırda İpək yolu bərpa olunmaqdadır. Bu regionda zəngin qaz və neft yataqları vardır. Eyni zamanda, iki ölkə - Azərbaycan və Qazaxıstan enerji tərəfdaşlığına dair saziş imzalamışdır. Bu sahədə Macarıstan da maraqlıdır və biz alternativ nəqletmə yollarının olmasında və xüsusən də, Nabukko layihəsinin həyata keçirilməsində çox maraqlıyıq.
Hazırda Azərbaycan böyük sürətlə inkişaf etməkdə olan ölkədir. Əlavə imkanlar artdıqca, Azərbaycan öz gələcəyini fikirləşir və bu gələcəyini nəinki karbohidrogen yataqları ilə, həm də iqtisadiyyatın digər sahələrinin inkişafı ilə bağlayır. Təbii ki, gərək macar şirkətləri də bu əməkdaşlığa qoşulsun.
Macar firmalarının infrastrukturun inkişafında və digər layihələrdə iştirak etmək imkanları var. İri macar firmaları ilə yanaşı, Azərbaycanla işbirliyi qurmaqda maraqlı olan kiçik müəssisələr də var və buna imkanlar yaradılmışdır. Biz dünən iki mühüm sənəd - iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında saziş imzaladıq. Sərmayələrin qorunması ilə bağlı saziş isə artıq qüvvəyə minmişdir.
Eyni zamanda, iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın yaradılması məsələsi qarşımızda duran mühüm vəzifədir. İki ölkə arasında ticarət dövriyyəsi artıq inkişaf etməkdədir. Lakin arzuedilən səviyyəyə çatmayıbdır. Ölkələr arasında təmaslar olmalıdır, ticarət palataları əlaqələr yaratmalıdır və sərmayə sahəsində əməkdaşlığa cavabdeh olan qurumlar bu işə daha fəal qoşulmalıdır. Mən bu sahədə sizə böyük uğurlar arzulayıram.
Diqqətinizə görə çox sağ olun.
X X X
SÜLT TİBOR: İndi isə mən sözü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verirəm.