Mahir Emreli: Portuqaliya klubu “Qarabağ”a ciddi rəqib kimi yanaşacaq
Bakı, 19 dekabr, AZƏRTAC
“Braqa” yaxşı futbol oynayan ciddi rəqibdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubuna rəqib olması ilə bağlı danışarkən deyib.
26 yaşlı hücumçu bu mövsüm Çempionlar Liqasında Braqa təmsilçisinin bəzi oyunlarını az-çox izlədiyini bildirib: “Hazırda həmin komandada çıxış edən konqolu hücumçu Saymon Banza ilə vaxtilə “Lans”ın akademiyasında oynamışam. Onunla münasibətim olduğu üçün “Braqa”nın bəzi matçlarına baxıram. Yeri gəlmişkən, Banza Portuqaliya çempionatında yaxşı mövsüm keçirir, qollarını sıralayır”.
2018/2019-cu illər mövsümündə “Qarabağ”ın heyətində Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın digər təmsilçisi “Sportinq”ə qarşı oynamış təcrübəli forvardın sözlərinə görə, “Braqa” ilə qarşılaşmalar “köhlən atlar” üçün çətin olacaq: “Amma “Qarabağ”ın da öz oyun üslubu var. Portuqaliya klubu komandamıza ciddi rəqib kimi yanaşacaq. Düşünürəm ki, hər iki tərəf üçün çox maraqlı oyun olacaq. Ümid edirəm ki, növbəti mərhələyə məhz “Qarabağ” adlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu “Braqa”ya qarşı ilk matçını fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.