İDMAN
Mahir Məmmədov: Azərbaycan şahmatına yeni nəsil gəlir
![Mahir Məmmədov: Azərbaycan şahmatına yeni nəsil gəlir](/files/2023/3/1200x630/1702891541401154207_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
“Azərbaycan üçün şahmat ili hələ bitməyib. Çünki Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə dünya çempionatı keçiriləcək. Biz həmin turnirdən də yaxşı nəticələr gözləyirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dünya və Avropa çempionatlarında yer tutan iti zəka sahiblərinin mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Bu il Azərbaycanda baş tutan şahmat yarışlarından söz açan federasiya rəhbəri turnirlərin əsasən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olduğunu bildirib: “Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyimiz silsilə yarışların hamısı baş tutdu. Mayın 10-da Dənizkənarı Milli Parkda məşhur şahmatçılarımız 86 lövhədə eyni vaxtda oyun seansı keçirdilər. Daha sonra ölkəmizdə şahmat festivalı və Dünya Kuboku keçirildi. Sevindirici hal odur ki, bu turnirlərdə idmançılarımız yaxşı çıxış etdilər. Nicat Abbasov yarımfinala kimi irəliləməyi bacardı”.
M.Məmmədov bu il qadın və kişi şahmatçıların beynəlxalq arenada uğurlu çıxış etdiyini diqqətə çatdırıb: “Yeniyetmə idmançılarımız Rumıniyanın Mamaya şəhərində keçirilmiş turnirdən Vətənə 7 medalla qayıtdılar. Özü də onların 4-ü qızıl idi. Ayan Allahverdiyeva 18 yaşlıların dünya çempionatında qızıl, Xaqan Əhməd isə bürünc medal əldə etdi. Bundan başqa, İtaliyanın Sardinya adasında rapid və blits üzrə 20 yaşlıların mundialında Gövhər Beydullayeva ilə Məhəmməd Muradlı birinci yeri tutdular. Gövhər həmçinin blitsdə bürünc medalın sahibi oldu. Ən vacib məqam isə Monteneqronun Budva şəhərində komandalar arasında keçirilən Avropa çempionatı idi. Təəssüf ki, turnirdə favorit sayılan kişilərdən ibarət yığma uğurlu çıxış edə bilmədi. Qızlarımız isə tarixə nəticəyə imza ataraq gümüş medal qazandılar. Həqiqətən də qadınların bu cür mübarizəsi gələcək üçün böyük təkandır”.
Onun sözlərinə görə, hazırda Azərbaycan şahmatına yeni nəsil gəlir: “Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, Abdulla Qədimbəyli, Xəqan Əhməd və Riad Səmədov kimi şahmatçıların olması bizim lider idmançılarımıza motivasiya verəcəyini düşünürəm”.