Makronun Paşinyana “yanınızdayıq” deməsi ikiüzlülüyün ən bariz təzahürüdür - Deputat
Bakı, 18 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransının 59-cu toplantısı xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dəfələrlə bu platformadan Azərbaycanın milli mənafeyinin qorunması üçün faydalı şəkildə istifadə edib. Lakin Fransa Prezidentinin bu Konfransdakı çıxışının mahiyyəti ilk dəfə deyil. Prezident Makron Rusiyanı Qafqaza müdaxiləsi və Ukraynadakı hadisələrlə bağlı tənqid edir. Bu, onun öz işidir. Amma onun birmənalı şəkildə Ermənistanı müdafiə etməsi, Nikol Paşinyana “sizin yanınızdayıq” deməsi onun necə ikiüzlü olduğunun ifadəsidir. Fransa bizim onu düşmən dövlət elan etməyimiz üçün hər şey edir. Bu ölkə Osmanlı imperiyasının zəifləməsindən istifadə edərək Şimali Afrikanı ələ keçirib, Əlcəzairdə bir milyon insanı qətlə yetirib. Şimali Afrika ölkələrində, o cümlədən Əlcəzairdə bu qırğınların izləri hələ də qalmaqdadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib.
Makronun erməni icmasından faydalandığını vurğulayan Tahir Kərimli deyib: “Fransa açıq düşmənçilik nümayiş etdirir. Bu ölkə özünü çox da qüdrətli bilməsin, Azərbaycanı kimsə ilə qarışdırmasın. İndi vəd edilən yardımlar Azərbaycan torpaqlarının 30 il işğal altında qaldıqda niyə göstərilmirdi? İndi biz artıq qalib ölkəyik. Bu Qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana daha çox güc qazandırdı”.
Deputat qeyd edib ki, Afrikada getdikcə mövqeləri zəifləyən Fransa indi istiqaməti dəyişərək bu dəfə Ermənistanı öz oyunlarına alət etmək istəyir. Özünü Ermənistanın “bacısı” kimi aparan rəsmi Paris Qafqazla bağlı planlarını asanlıqla realllaşdıracağını düşünür. Lakin unudur ki, bu gün Cənubi Qafqazda Azərbaycanın icazəsi olmadan heç bir fəaliyyət aparıla bilməz. Nədənsə Makron Azərbaycanın bölgədə yaratdığı reallığı unudur. Amma əminliklə söyləmək olar ki, Azərbaycanın regionda həyata keçirdiyi islahatlar Fransanın nə Qafqaza ayaq basmasına, nə də burada öz ambisiyalarını həyata keçirməsinə imkan verməyəcək. Çünki regionda söz sahibi olan Azərbaycanın “dəmir yumruğu” yerindədir.