“Maliyyə istintaqının taktikası və metodikası” mövzusu üzrə təlim keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin birgə təşkilatçılığı ilə prokurorluq işçiləri üçün “Maliyyə istintaqının taktikası və metodikası” mövzusunda hibrid formatda təlim keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları, habelə “Avropa qonşuluq aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvininq layihəsinin daimi məsləhətçisi təlimçi qismində iştirak edərək, maliyyə istintaqının taktikası və metodikasının əsasları sahəsində yerli və beynəlxalq təcrübəni dinləyicilərin diqqətinə çatdırıb.
Ümumilikdə 88 prokuroruq əməkdaşının dinləyici qismində iştirak etdiyi təlimdə “Paralel maliyyə istintaqı”, “Açıq mənbəli kəşfiyyat üsulları (OSINT)”, “Maliyyə istintaqının taktikası və metodikası”, “Xarici ölkələrin təcrübəsi və ölkədaxili qarşılıqlı əməkdaşlıq”, “Maliyyə istintaqı sahəsində xarici ölkələrin təcrübəsi”, “Maliyyə istintaqı sahəsində Litva Respublikasının təcrübəsi”, “Maliyyə təhlilinin aparılması qaydaları və məqsədləri: taktiki əsaslar və şərtlər” kimi yeni və aktual mövzular tədris edilib.