Maliyyə nazirinin müavini: Müdafiə xərclərinə yönəldilən 58 milyard manat Ordunun qüdrətini artırıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Son 20 il ərzində Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən 58 milyard manat həcmində vəsait ayrılıb. Son illərdə ölkənin maliyyə imkanlarının artması fonunda müdafiə xərclərində də ciddi artım müşahidə olunub. Təkcə 2005-2025-ci illər ərzində bu istiqamətə yönəldilən büdcə vəsaiti 29 dəfə artırılaraq 8,4 milyard manata çatdırılıb. Həmin göstəricilər dövlətimizin təhlükəsizliyə və hərbi potensialın gücləndirilməsinə verdiyi prioritetin bariz ifadəsidir. Ayrılan vəsaitlər Silahlı Qüvvələrin maddi-texniki bazasının müasirləşdirilməsinə, hərbi infrastrukturun qurulmasına və ordu heyətinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilib.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov ”Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı bildirib.
Nazir müavini bildirib ki, maliyyə resurslarının düzgün və strateji istiqamətlər üzrə yönləndirilməsi nəticəsində ölkənin müdafiə sektoru ciddi şəkildə modernləşdirilib.
“Bu isə 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi və ərazi bütövlüyünün bərpa olunmasında mühüm rol oynayıb. Dövlətin iqtisadi suverenliyi yalnız daxili maliyyə sabitliyi ilə deyil, həm də təhlükəsizlik sektorunun dayanıqlılığı ilə ölçülür. Müdafiə xərclərinə ardıcıl və məqsədyönlü şəkildə yatırılan investisiyalar bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir”, – deyə nazir müavini vurğulayıb.
A.Bayramov əlavə edib ki, dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üzrə siyasət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək və ölkənin hərbi-siyasi gücünün daha da möhkəmləndirilməsinə töhfə verəcək.