İQTİSADİYYAT
Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına tamhüquqlu üzv olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına (The Coalition of Finance Ministers for Climate Action) tamhüquqlu üzv qəbul edilib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 92 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar.
Cari ilin aprel ayında Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun Vaşinqton şəhərində keçirilən Yaz Toplantıları çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 11-ci iclasında müşahidəçi statusunda iştirak edib.
Azərbaycanın COP ilə fəaliyyət istiqamətləri əksər hallarda üst-üstə düşən sözügedən koalisiyada tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin COP29 Sədrliyinin hədəflədiyi nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək.
Koalisiya üzvlərinin növbəti görüşü cari ilin oktyabr ayında Vaşinqtonda BVF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək. Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransının “Maliyyə günü” çərçivəsində koalisiyanın xüsusi iclasının keçirilməsi barədə də ilkin razılıq əldə olunub.