Maliyyə Nazirliyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Maliyyə Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi açan Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi istiqamətində müntəzəm addımlar atılmışdır.
Son illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işləri aparılır.
Çıxış edənlər Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarını və şəhidlərimizin qanının yerdə qalmayacağına əminliklərini ifadə etmişlər.
Yerli maliyyə orqanlarında da Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilir.