“Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçim başlanır
Bakı, 3 mart, AZƏRTAC
“Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinə start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, seçim 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında martın 15-də saat 15:00-da, “Bayıl Arena” stadionunda keçiriləcək. Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud boş yerlərə uşaqlar cəlb olunacaq.
Seçimlərdə iştirak etmək istəyənlər http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçməli, “Şəxsiyyəti təsdiq edən sənəd” və “Sağlamlıq haqqında arayış”ı təqdim etməlidirlər.
Bu proseslə bağlı əlavə məlumatları (+994) 55 511 33 03 və [email protected] əlaqə vasitələrindən əldə etmək olar.
Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər Böyük Britaniyadan ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər- Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə həftədə iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlığı ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu var.