MƏDƏNİYYƏT
Mariya Yeremçuk: Bakı tamaşaçılarını “Eurovision” mahnı müsabiqəsində mənə dəstək olmağa çağırıram VİDEO
Kopenhagen, 8 may (AZƏRTAC). Azərbaycanı salamlayıram. Bakı tamaşaçılarını “Eurovision” mahnı müsabiqəsində mənə dəstək olmağa çağırıram. Ölkənizdə gördüyüm gözəllik və səmimi münasibəti heç vaxt unutmaram. Azərbaycan günəşli, isti və füsunkar təbiəti olan bir ölkədir.
Bu sözləri Ukraynanı “Eurovision -2014” mahnı müsabiqəsində təmsil edən Mariya Yeremçuk AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Mariya Yeremçuk “Eurovision” mahnı müsabiqəsinin müğənninin bundan sonrakı həyatında və karyerasında əhəmiyyətli rol oynayacağını qeyd etmiş, finalda maraqlı şou göstərməyə çalışacağını bildirmişdir.
Bakıya promotur çərçivəsində gəlişi zamanı yeni bir dəyişikliyin şahidi olduğunu bildirən “Eurovison” mahnı yarışmasının ukraynalı iştirakçısı şəhərimizin möhtəşəm bir görünüşə qərq olduğunu xüsusilə qeyd etmişdir.
Ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsini builki yarışma ilə müqayisədə möhtəşəm olduğunu söyləyən Mariya Yeremçuk, şəhərimizin inanılmaz görünüşündən söhbət açaraq demişdir: “Azərbaycanda özümü vətənimdəki kimi hiss etdim. Adətən mən xarici səfərlərdə özümü qərib sayıram və çox tez bir zamanda geri qayıtmaq istəyirəm. Bakı isə mənə çox fərqli təsir bağışladı. Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə xoş təəssürat yaradır. Ölkənizdə hər şey təmiz və səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Şəhərinizin müasir görünüşü, xüsusilə füsunkar Bakı gecələri insanı heyran edir”.
Ukraynanın Xalq Artisti Nazariy Yeremçukun qızı Mariya Yeremçuk 2012-ci ildə ölkəsini Beynəlxalq “Yeni dalğa” müsabiqəsində təmsil edərək üçüncü yerə sahib olmuş və “tamaşaçının seçimi” nominasiyasında mükafata layiq görülmüşdür.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen