CƏMİYYƏT
Marketdə kərə yağı adı altında bitkitərkibli yağların satışa çıxarıldığı aşkarlanıb




Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən Gəncə şəhərinin Sadıllı qəsəbəsində yerləşən məhəllə E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə keçirilən planlı yoxlama zamanı kərə yağı adı altında bitkitərkibli yağların, eyni zamanda istifadə müddəti bitən qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.