Masallı Dövlət Regional Kollecində anım tədbiri: “Yurdu dağılacaq yurd dağıdanın”
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 25-də Masallı Dövlət Regional Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının məsul işçiləri, kollecin müəllim və tələbələri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Kollecin direktoru Vidadi Nəzərov Xocalı faciəsinin, həmçinin ermənilərin xalqımıza qarşı törətdikləri digər vəhşiliklərin bəşəri cinayət olduğunu bildirib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyada tanıdılması üçün görülməsi vacib olan işlərdən, o cümlədən soydaşlarımızın, xüsusilə gənclərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasında fəal iştirakının əhəmiyyətindən danışıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd edib ki, Xocalı soyqırımı erməni millətçi-şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Daha sonra tələbələrin ifasında “Yurdu dağılacaq yurd dağıdanın” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.