Masallıda əlamətdar günlər bayram coşqusu ilə qeyd olunub
Masallı, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 7-də Masallı şəhərindəki Bayraq Meydanında 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığını, 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyini vurğulayan R.Hüseynov Ulu Öndərin təməlini qoyduğu dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
R.Hüseynov çıxışında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsindən, Azərbaycan SSR Konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasından danışıb. Qeyd olunub ki, 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd edilməsi ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsidir.
Tədbirdə Şatıroba ümumi orta məktəbinin direktor əvəzi Ülviyyə Səfərova, Mahmudavar kənd tam orta məktəbin Əməkdar Müəllimi Musarza Mirzəyev, “ASAN xidmət” Mərkəzinin nümayəndəsi Vüsal Bayraməliyev çıxış ediblər.
Bayram tədbirində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin bədii özfəaliyyət kollektivlərinin, “Halay” folklor xalq kollektivinin, “Masallı” rəqs qrupunun, Masallı Dövlət Regional Kollecinin tələbələrinin və Koreya Respublikasının “Samulqvanq-D” qrupunun çıxışları maraqla qarşılanıb.