Masallıda ənənəvi “kitab bayramı” keçirilmişdir
Masallı, 6 may (AZƏRTAC). Mayın 6-da Masallı şəhərində əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ənənəvi “kitab bayramı” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq keçirilən tədbirdə yeni nəşr olunmuş kitablarla yanaşı, ulu öndər Heydər Əliyevə və Azərbaycan Prezidentinə həsr olunmuş kitablar da nümayiş etdirilmişdir.
“Kitab bayramı”nda rayonun şair və yazıçılarının əsərlərindən ibarət yeni nəşr olunmuş “Masallının söz çələngi” kitabının təqdimatı olmuşdur.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kitabsevərləri və yazarları bayram münasibətilə təbrik etmiş, rayonda aparılan abadlıq-quruculuq işlərindən, təhsil və mədəniyyət sahəsində əldə olunan uğurlardan danışmış, əldə edilən bütün uğurları Azərbaycan Prezidentinin bölgələrə, o cümlədən Masallı rayonuna olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmişdir.
Məktəblilər “Masallının söz çələngi” kitabından şerlər ifa etmişlər.
Mərasimdə çıxış edən filologiya elmləri doktoru, professor Füzuli Bayat, şairlərdən Məmməd Kazım, İdris Ağalaroğlu və Nurməmməd Ağa ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, onların yaradıcılığına, “Masallının söz çələngi” kitabının ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Rayonun musiqi kollektivləri tədbirdə konsert proqramı ilə çıxış etmişlər.