Masallıda Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adını daşıyan övladı dünyaya göz açıb
Masallı, 24 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Viləş kəndində Vətən müharibəsində qəhrəmanlıq götərərək şəhidlik zirvəsinə ucalmış İntiqam Əsgərlinin adını daşıyan övladı dünyaya göz açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və rayonun bir qrup fəal qadını Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladının dünyaya göz açması ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla şəhidin ailə üzvləri ilə görüşüblər.
Novruz bayramı günlərində ikiqat sevinc yaşayan ailənin üzvlərini-qəhrəman atasının adını daşıyan övladı dünyaya gətirən ananı, körpənin babası Bayram Əsgərli və nənəsi Ziba Əsgərliyə gözaydınlığı verən görüş iştirakçıları, onlara ən xoş arzularını çatdırıblar.
Qeyd edək ki, şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin tərkibində 2016-cı ilin Aprel döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək şəhdlik zirvəsinə ucalıb.
Şəhidin anası Ziba xanım hər iki övladının torpaqlarımızın azadlığı uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.