MASALLININ FERMERLƏRİ BAKIDA KEÇİRİLƏN SATIŞ YARMARKADA FƏALLIQ GÖSTƏRİRLƏR
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbə bitişik, ətrafı hasarlanmış sahədə təşkil olunmuş yarmarkada Masallı rayonunun 60 kəndli-fermer təsərrüfatında yetişdirilən məhsulların satışı təşkil olunmuşdur.
Masallı rayon icra hakimiyyətindən bildirmişlər ki, iyulun 22, 23 və 26-da təşkil olunmuş yarmarkalarda qəsəbə sakinlərinə 20 ton pomidor, 17 ton badımcan, 8 ton xiyar, 500 kiloqram noxud, 100 kiloqram sarımsaq, 2 ton buğda, 1 ton un, 500 kiloqram şirniyyat və 4 ton konservləşdirilmiş tərəvəz məhsulları, 10600 banka tomat pastası və 200 kiloqram şəkər satılmışdır.
Satılan məhsulların yüksək keyfiyyəti və qiymətinin aşağı olması alıcılar tərəfindən razılıqla qarşılanmışdır.
Rayonun Hüseynhacılı kəndinin sakini, fermer Abid Nağıyevin təsərrüfatında yetişdirilən kənd təsərrüfatı məhsullarının15 tonu məhz yarmarkada satılmışdır.
Yaradılan şəraitdən razılığını bildirən kəndli-fermer təsərrüfatının rəhbəri söhbət zamanı dedi:
- Minbir zəhmətlə yetişdirdiyimiz kənd təsərrüfatı məhsullarının satışında çoxlu problemlərlə üzləşirdik. Bazarda yaranmış inhisarçılıq əl-qolumuzu bağlamışdı. Prezidentimizin bu təşəbbüsü kənd əhalisinin əməyinə verdiyi qiymətin təzahürüdür. Bu cür ticarət həm bizə, həm də alıcılara sərfəlidir. Satış yarmarkada bizə hər cür kömək göstərən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinə və səhərdən axşama qədər bizimlə bir yerdə olan Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Çingiz Fərəcova minnətdarlığımızı bildiririk.
Rayonda fəaliyyət göstərən “Nur-M” kiçik müəssisəsinin rəhbəri Nəriman Əliyev də söhbətimizə qoşuldu:
- Belə yarmarkaların keçirilməsi qiymətlərin süni artımının qarşısını almaqla bərabər istehsal etdiyimiz məhsullara bazar tapmağımızda da əhəmiyyətli rol oynayır. Kənd adamlarına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Təkcə iyulun 26-da keçirilən yarmarkada qəsəbə sakinlərinə müəssisəmizdə istehsal olunan məhsullardan 10 min banka tomat pastası, 1000 banka xiyar turşusu, 1200 banka pomidor turşusu, 1000 banka qarışıq turşu və 2500 ədəd 1 kiloqramlıq vermişel bağlaması satılmışdır. Məhsulların qiyməti həm bizim, həm də alıcıların ürəyincədir.
Rayonda istehsal olunan məhsullardan ibarət 3 maşın karvanı iyulun 29-da - şənbə günü keçiriləcək satış yarmarkasına yola salınmışdır.