Masallının mədəniyyət işçiləri şəhid ailələrinə və qazilərə baş çəkiblər
Masallı, 26 mart, Bağır Əliyev, AZƏRTAC
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon təşkilatının və Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayondakı şəhid ailələri və qazilər Novruz bayramı münasibətilə ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla mədəniyyət işçiləri əvvəlcə Masallı şəhərində şəhid Vüsal Balarəzi oğlu Hadıyevin ailəsinə baş çəkərək ailənin problemləri ilə maraqlanıblar.
Aksiya iştirakçıları, həmçinin Masallı rayonunun Ərkivan qəsəbəsində və Hişkədərə kəndində şəhid Famil Habil oğlu Əlizadənin, leytenant Zaur Vaqif oğlu Hüseynovun və Vüsal Aslan oğlu Məhərrəmovun ailələrini, Rüdəkənar kəndində isə qazi Arzuman Əlipaşa oğlu Həbibovu ziyarət ediblər.
Şəhid ailələrinin üzvlərini və qaziləri Novruz bayramı münasibətilə təbrik edən rayonun mədəniyyət işçiləri, valideynlərin dərdinə şərik olduqlarını ifadə edərək, şəhid ailələrinə Allahdan səbir diləyib, qazilərə isə tezliklə sağalmağı arzulayıblar.
Görüş zamanı şəhid ailələrinə və qazilərə Novruz sovqatları paylanılıb.
Aksiya iştirakçıları şəhidlərin məzlararını ziyarət edib, onların ruhuna dualar oxuyublar.