DÜNYA
Mayk Pens Filadelfiyada koronavirusun kəskin yayılmasından narahatdır
Vaşinqton, 9 aprel, AZƏRTAC
ABŞ-ın vitse-prezident Mayk Pens qeyd edib ki, ona verilən məlumata görə, koronavirus (COVID-19) xəstəliyinin kəskin artması səbəbindən Filadelfiya “xüsusi narahatlıq bölgəsinə” çevrilib.
AZƏRTAC xəbər verir ki, koronavirusla mübarizə üzrə hədəf qrupunun Ağ evdə keçirdiyi brifinqdə Mayk Pens Pensilvaniyanın qubernatoru Tom Vulfla görüşdüyünü və qubernatorun ondan şəhərə kömək göstərilməsini xahiş etdiyini deyib. O, Filadelfiyada yüksək yoluxma halı olan şəhərlərə bənzər tendensiyanın müşahidə olunduğunu vurğulayıb. Vitse-prezident virusla mübarizə aparmaq üçün Federal Hökumət tərəfindən şəhərin zəruri resurslarla təmin ediləcəyinə qubernatoru əmin etdiyini bildirib.
Koronavirusa qarşı mübarizə üzrə işçi qrupun direktoru Debora Birksin sözlərinə görə, Filadelfiyada koronavirusa yoluxanlar arasında hər gün 1400 artım müşahidə olunur. Pensilvaniya Səhiyyə Departamentinin nümayəndələri çərşənbə gününün ikinci yarısında həmin ştatda COVID-19 xəstəliyinə 309-u ölümlə nəticələnmiş 16329 yoluxma halının qeydə alındığını bildiriblər. Mayk Pens Filadelfiyanın və ştata yaxın olan rayonların sakinlərini virusun yayılma sürətini azaltmaq məqsədilə sosial məsafə tələbinə əməl etməyə çağırıb.
Nyu-York ştatında yoluxma hallarının yarıdan çoxu Pensilvaniya ilə sərhəddə yerləşən Nyu-York şəhərinin payına düşür. Aprelin 7-si axşamı burada koronavirusa yoluxanlar arasında 800 yeni ölüm halı qeydə alınıb.
AZƏRTAC-ın Vaşinqton bürosu