İDMAN
“McLaren” Bakıda Piastrinin qələbəsini coşqu ilə qarşılayıb
Bakı, 16 sentyabr, AZƏRTAC
“McLaren” pilotları Azərbaycan Qran-Prisinin yekunlarına görə 38 xal qazanıblar. Bu, onların komandasına “Red Bull Racing”i geridə qoymağa və Konstruktorlar Kubokunda 20 xal fərqlə lider mövqeyinə çıxmağa imkan verib.
AZƏRTAC xəbər verir ki, Oskar Piastri qələbə qazanıb, Lando Norris finişə dördüncü çatıb və ən yaxşı dövrə üçün bonus balı əldə edib. Uokinqdən olan komandanın rəhbəri Andrea Stella öz yetirmələrinin uğurlarına qiymət verib: “Yarış zamanı məlum oldu ki, Oskar vaxtaşırı qəzadan bir neçə millimetr aralansa da, müəyyən sürət ehtiyatına malik idi. Ancaq bu, parlaq bir performans oldu!
Bütün komanda çox səmərəli işlədi, o cümlədən Lando bu gün Serxio Peresi tutaraq Oskara kömək edəndə, öz üzərinə düşəni yerinə yetirdi. Eyni zamanda, o, özü də 15-ci mövqedən başladıqdan sonra dördüncü yeri tutaraq əla geriyə dönüş etdi.
Ümumiyyətlə, mən pilotlarımız və bütün komanda ilə fəxr edirəm. Lakin Oskarın həyatının ən əsəbi bazar günü olduğunu deməsi əbəs yerə deyildi. Ancaq güman edirəm ki, indi o, belə stresi daha tez-tez yaşayacaq! Gələcək yarışlar daha az maraqlı olsa belə, komandamız qalib gəlsə, yenə də buna sevinəcəyik”.
“McLaren Racing” komandasının icraçı direktoru Zak Braun əlavə edib: “Oskar Bakıda yarışda qalib gəldi və o, bolidi elə sürürdü ki, bu, bir növ dəlilik idi! O, hazırda inanılmaz formadadır. Lakin Lando da fantastik iş gördü, əsl yarış bacarıqlarını nümayiş etdirdi, əla ötmələr etdi və ən sürətli dövrəni uğurla başa vurdu.
Şübhəsiz ki, bu, mövsümün ən yaxşı yarışlarından biri idi və azarkeşlər onu yüksək qiymətləndirdilər! “McLaren” artıq on ildə ilk dəfə Konstruktorlar Kubokunda liderlik edir! Mövsümün sonuna qədər hələ 7 yarış var, ona görə də biz tam sürətlə gedirik. Qarşıda bizi Sinqapur Qran-Prisi gözləyir!”